Son xəbərlər

Azərbaycanın poçt markaları beynəlxalq sərgidə böyük maraqla qarşılanıb

azermarka
azermarka 1211

11-17 iyun 2019-cu il tarixlərində Çin Xalq Respublikasının Uhan (Wuhan) şəhərindəki (Hubei əyaləti, Mərkəzi Çin) Beynəlxalq sərgi mərkəzində Ümumdünya poçt markaları sərgisi – CHINA 2019 World Stamp Exhibition – keçirildi. Adıçəkilən sərgi ÇXR-in yaranmasının 70 illiyinə həsr olunmaqla, ölkədə 2019-cu il ərzində keçirilən tədbirlər arasında ən əlamətdarlardan biri sayila bilər.

Sərgidə dünyanın 84 ölkə və regionlarının poçt təşkilatları 4683 poçt ödəmə nişanı ilə təmsil olunmuşdu.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC CHINA 2019 sərgisində “Dövlətçilik rəmzləri”, “Görkəmli şəxsiyyətlər”, “Flora və Fauna”, “Azərbaycan idmanı”, “Qədim və müasir memarlıq”, “Birgə buraxılışlar” və s. mövzulara aid poçt markaları, Birinci gün zərfləri, xatirə ştempellərinin ottiskləri, kartmaksimumlar, poçt kartları kimi filatelistik və kolleksiya nümunələri ilə təmsil olunmuşdu.

Qeyd etmək lazımdır ki, yerli filatelistlər arasında Azərbaycanın poçt markaları çox böyük maraq doğurdu. Əsasən, Azərbaycanın dövlət simvollarına, təbiətinə, görkəmli şəxslərinə və milli bayramlarına həsr edilmiş markaları əldə etmək istəyən kolleksiyaçılar çoxluq təşkil edirdi.

Həmçinin, iyun ayının 14-də Filateliyanın inkişafı üzrə ümumdünya assosiasiyasının təşkilatçılığı ilə Vuhan Beynəlxalq sərgi mərkəzində “Filateliyada markaların mühafizəsi ilə bağlı innovasiyalar” mövzusunda konfrans keçirildi. Tədbirin giriş hissəsində ÇXR dövlət poçtamtının direktor müavini cənab Min Çjao, Ümumdünya Poçt İttifaqının proqram meneceri xanım Olfa Mokkadem və Filateliyanın inkişafı üzrə ümumdünya assosiasiyasının sədri cənab Artyom Adibekov çıxış etdilər.

Konfransda Rusiyanın, Çinin, Əlcəzairin, Marokkonun, Tunisin, Beynəlxalq filateliya federasiyasının, həmçinin mühafizə olunan mətbəə malları istehsalçalırının təqdimatlarına baxış keçirildi.

İyun ayının 14-də Uhan şəhərində CHINA 2019 World Stamp Exhibition sərgisinin bağlanış mərasimi baş tutdu.