Son xəbərlər

31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunmuş poçt markaları buraxılıb

azermarka
azermarka 1164

Avqustun 10-da Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimi olub.

Mərasimdə, həmçinin, yarışmaya həsr olunmuş poçt markası təqdim olunub. Buraxılış bir markadan ibarət blok şəklində hazırlanaraq, 5000 ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap edilib. Blokun ölçüsü 75x95 mm, markanın ölçüsü 37x52 millimetrdir. Markanın üzərində “31-ci Beynəlxalq İnformatika Olimpiadası”nın, blokun sahəsində isə əvvəlki Olimpiadaların loqotipləri təsvir olunub.

Marka ilə yanaşı xatirə ştempeli və 1000 ədəd Birinci gün zərfləri də hazırlanıb. Poçt markasının və Birinci gün zərflərinin dizayneri Nəriman Məmmədzadə, xatirə ştempelinin dizayneri Anar Mustafayevdir.

Mərasim çərçivəsində “Azərmarka”nın direktoru Leyla Güləliyeva və ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov Birinci gün zərflərini xatirə ştempeli ilə möhürləyiblər. Bununla da 31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb.

Foto: Ehtiram Cəbi