Son xəbərlər

“İstiqlal Muzeyi-100” adlı poçt blokunun təqdimatı olub

azermarka
azermarka 10029

Dekabrın 25-də Azərbaycan İstiqlal Muzeyində böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaradılmış İstiqlal Muzeyinin 100-cü ili münasibətilə “Azərmarka” MMC tərəfindən hazırlanmış poçt markalarının təqdimatı mərasimi olub.

Buraxılış 3 markadan ibarət blok şəklində hazırlanıb. Markaların tərtibatında İstiqlal Muzeyinin eksponatlarından istifadə olunub. Birinci markada Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazmasının, ikinci markada ADR dövründə hazırlanmış gerbin eskizinin, üçüncü markada isə Cümhuriyyət dövründə tədavüldə olmuş 50 və 100 manatlıq əsginasların təsviri verilmişdir.

Mərasimdə “Azərmarka”nın direktoru Leyla Güləliyeva Birinci gün zərflərini Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevaya və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özorala təqdim edib. Daha sonra S. Məmmədəliyeva və E.Özoral zərfləri xüsusi xatirə ştempeli ilə möhürləyərək imzalayıblar.

Bununla da “Azərbaycan İstiqlal Muzeyi-100” adlı markalar poçt dövriyyəsinə buraxılıb.