Tarix və bu gün

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Poçt ödənişi nişanlarının buraxılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 1992-ci tarixli, 85 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Rabitə Nazirliyinin 104 saylı, 14 iyul 1992-ci il tarixli əmri ilə “Azərmarka” şirkəti kimi yaradılıb. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 4 noyabr 2014-cü ildə “Azərmarka” Şirkətinin çevrilməsi nəticəsində “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeydiyyata alınıb.

“Azərmarka” MMC-nin əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının (DPÖN) – poçt markaları, markalı zərflər, poçt kartları – nəşri və dövriyyəyə buraxılmasından ibarətdir. Bundan başqa, MMC tərəfindən bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin  kolleksiya obyektləri sayılan digər məhsullar hazırlanır. Həmçinin, buraxılan mallar sırasına açıqcalar, müxtəlif suvenirlər və s. daxildir.

Müstəqil Azərbaycan Respublikasının poçt markaları tarixi 1919-cu ildən başlayır. Həmin ilin iyun ayında ADR hökuməti tərəfindən poçt markalarının buraxılması haqqında qərar qəbul edildi və oktyabrın 20-dən başlayaraq dövriyyəyə ilk poçt markaları buraxıldı. 1920-ci ildən 1923-cü ilədək Azərbaycan ərazisində Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası, 1923-1992-ci illər ərzində isə SSRİ-nin poçt markalarından istifadə olunub.

“Azərmarka” MMC tərəfindən buraxılan məhsullarda Azərbaycan Respublikasının zəngin tarixi, mədəniyyəti, ölkənin ərazisində yaşayan xalqların mədəni və tarixi irsi, görkəmli şəxsiyyətlərin həyatı, ölkə daxilində və beynəlxalq arenada baş verən mühüm hadisələr, Vətənimizin rəngarəng heyvan və bitki aləmi əks olunur. Xüsusi diqqət məhsulların həm bədii tərtibatına, həm də mətbəə işi sahəsidindəki yeni texnonologiyaların tətbiqinə ayrılır.  

“Azərmarka” həm yerli, həm də xarici sərgilərin aktiv iştirakçısıdır. Bu tip tədbirlər həm təcrübə mübadiləsi, həm də Azərbaycan markalarının dünyada tanıdılması, ölkəmizin təbliğatı baxımından müstəsna əhəmiyyət kəsb edir.

“Azərmarka”nın aparıcı fəaliyyət istiqamətlərindən biri Azərbaycan filateliyasının inkişafı, müasir tələblərə uyğunlaşdırılmasıdır. Bu baxımdan, MMC ilə Azərbaycan Filatelistlər İttifaqı arasında sıx əməkdaşlıq mövcuddur.